Paleo və ya daş dövrü pəhrizi nədir?

Paleo pəhrizi nədir?

Paleo qidalanma tez arıqlamaq və ya ideal çəkiyə çatmaq üçün dəbdə olan bir pəhriz olsa da, əslində tarixən əvvəlki dövrlərə gedib çıxır. Daş dövrü pəhrizi olaraq da bilinən paleo pəhriz ən məşhur pəhriz proqramlarından biridir. Paleo pəhrizi yüksək protein və aşağı karbohidrat tərkibli təbii, işlənməmiş qidaların istehlakı deməkdir. Daş dövrü pəhrizi təxminən 10.000 il əvvəl insanların yemək tərzlərini əhatə edir. Hər pəhrizdə olduğu kimi bu pəhrizdə də istehlak edilməli və qəbul edilməməli qidalar var. Zülalın əsas mənbəyi kimi ət və ət məhsulları istehlak edilərkən, süd və süd məhsulları pəhrizə daxil edilmir. Meyvə və tərəvəzlərin istehlakında heç bir məhdudiyyət olmasa da, taxıl qrupu qadağan olunmuş qidalar sırasındadır.

 

Paleo pəhrizinə necə əməl olunmalıdır?

Yüksək protein, yağ və aşağı karbohidrat istehlakı prinsipini qəbul edir. Protein arıqlamaq üçün ən vacib qidadır. Zülal müxtəlif hormonları idarə edir, maddələr mübadiləsini sürətləndirir və iştahı azaldır. Yağlı ət, balıq və yumurta kimi zülalla zəngin qidalar paleo pəhrizini əməl edənlər üçün idealdır. Paleo pəhrizində gündəlik kalorilərin 25-35%-i proteindən ibarətdir. Arıqlamaq üçün ən yaxşı yollardan biri karbohidrat istehlakını azaltmaqdır. Hər pəhrizdə olduğu kimi paleo (daş dövrü) pəhrizində də nəzərə alınmalı bəzi məqamlar var. Bu pəhrizdə karbohidrat qrupunu tərəvəzlərdən almağınız vacibdir. Yuxu balansınıza diqqət etmək və gündə ən az 6-8 saat yatmaq tövsiyə olunur. Müntəzəm idmanla məşğul olaraq gündə ən azı 30 dəqiqə gəzməyi həyat tərzinə çevirmək belə sağlamlığınızı qorumağa kömək edəcək.

 

Paleo pəhrizinin faydaları

Qan şəkərini azaldır və insulinə həssaslığı artırır. İnsulin həssaslığı hüceyrələrin insulinə necə reaksiya verdiyini göstərir. Bədənə daxil olan yüksək protein və aşağı karbohidratlar insulin səviyyəsinin normal həddə qalmasını asanlaşdırır və sağlam çəki itkisi yaradaraq arıqlamağa kömək edir. Sağlam yağlar, zülallar, təzə meyvə və tərəvəzlərin seçilməsi daxili orqanların gənc qalmasına kömək edir. Bu pəhriz sayəsində qan təzyiqi tarazlaşır, trigliserid səviyyələri aşağı düşür və pis xolesterol azalır. Rafine şəkər və işlənmiş qidalar paleo pəhrizdə yer olmadığı üçün qocalma əlamətlərini də gecikdirir.

 

 

Paleo pəhrizinin fəsadları varmı?

Hər bir pəhrizin mümkün riskləri vardır. Müəyyən qida qruplarını taxıl, süd məhsulları və paxlalıları istisna etmək, bu qidaların tərkibində olan bəzi vacib qidalardan məhrum olmanıza səbəb ola bilər. Süd məhsullarını imtina etmək kifayət qədər kalsium əldə etməyi çətinləşdirə bilər ki, bu da sümük sağlamlığı üçün təhlükə yarada bilər.

 

İdmançılar paleo pəhrizinə əməl edə bilərlərmi?

Paleo pəhrizinin sağlam olduğuna dair bəzi araşdırmalar olsa da, fiziki performansı yaxşılaşdırmaq üçün çox az dəlil var. Pəhrizdən süd və süd məhsullarını çıxarmaq bəzi idmançılar üçün çətin ola bilər. Həm məşqdən, həm də orqanizmin xüsusiyyətlərindən asılı olaraq, müxtəlif glisemik indekslərə və məzmunlara malik karbohidrat mənbələrinə üstünlük verilməlidir. Paleo pəhrizi əzələlərinizi gücləndirmək üçün kifayət qədər zülal almanızı təmin edir. Əzələ böyüməsinə kömək edən bu pəhriz daha fit bədən formalaşmasına dəstək verir və bədəndəki yağ səviyyəsini azaltmağa kömək edir.

 

 

Paleo pəhrizində istifadə olunması tövsiyə olunan qidalar

Paleo pəhrizi meyvə, tərəvəz, sağlam yağlar və zülal qəbulunuzu artırmağa və işlənmiş qidaları azaltmağa yönəlib. Hər növ meyvə və tərəvəz avokado, banan, portağal, brokoli, kələm, bibər, soğan, kök, pomidor və s. gün ərzində istifadə etmək bədənin sağlam şəkildə inkişafına dəstək verir. Həmçinin, qoz, fındıq, günəbaxan tumu, balqabaq tumu kimi çərəzlərin də istehlakı orqanizmin fəaliyyətində rol oynayır. Təbii yağlardan istifadə etmək çox faydalıdır. Bura kokos, avokado və zeytun yağı və s. qəbulu aiddir. Duz və ədviyyatlardan gündəlik qidamızda normada qəbul etməyimiz vacibdir. Məsələn, dəniz duzu, himalay duzu, qaya duzu, cirə, sarımsaq, sarıkök, rozmarin və s.

Hazır meyvə şirəsi, enerji içkiləri, spirt, tərkibində süni dadlandırıcılar olan kokteyllər paleo pəhriz üçün qəti qadağan olunmuş içkilərdir.